“Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar öz gəmisi ilə çıxdığı okean səyahətinin zövqünü yaşamaqda davam edir.
Arena.az məlumat verir ki, o, sosial şəbəkədəki hekayələrində braziliyalı müğənni Ze Felipe və digər qonaqların əhatəsində necə əyləndiyini paylaşıb.
Xatırladaq ki, Neymar hazırda zədəlidir. Aldığı ağır zədədən sonra cərrahi əməliyyat keçirmiş braziliyalı ulduz bərpa keçir. Dünən “Ney” arzu edənlərə də bilet satdığı öz gəmisi ilə okean səyahətinə yollanıb.
Dekabrın 27-də gecə yarısı Santos limanından açıq okeana çıxmış gəmi üç gün və üç gecə səyahətdə olacaq. Gəmi Rio-de-Janeyronun cənub sularında üzüb Santosa geri qayıdacaq.
Xatırladq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almışdı.
Braziliyalı ulduz futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə Neymar “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Təcrübəli futbolçu 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Neymarın transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, aldığı zədə səbəbi ilə Neymar qarşıdakı 2024 Amerika Kubokunda iştirak edə bilməyəcək. Braziliyalı ulduzun gələn ilin avqustunda meydana dönə biləcəyi təxmin edilir.



