“Betis” komandanın ulduzu İsko ilə müqaviləsini yenilədi

Əndəlüs klubu “Betis” komandanın ulduzu, ispan hücumameylli yarımmüdafiəçi İsko ilə razılaşaraq, əməkdaşlıq müddətini uzadıb.

Arena.az bu barədə Sevilya təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

Tərəflər arasında müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq yeni müqavilə imzalanıb. İskonun əvvəlki müqaviləsi 1+1 sxemi üzrə bağlanmışdı. Müqavilənin şəxsi şərtləri haqda təfərrüat açıqlanmayıb.

İsko “Valensiya”nın yetirməsidir. 2011-ci ilin iyulunda “Malaqa”ya transfer edilmiş İsko burada parlayaraq, “Real”ın diqqət mərkəzinə düşüb. 2013-cü ilin iyulunda “Kral Klubu” İskonu öz heyətinə qatıb. 9 il “Real”da parlaq surətdə çıxış etmiş İsko 2022-ci ilin avqustunda madridlilərin düşərgəsini azad agent qismində tərk edərək, “Sevilya”ya keçib. Elə həmin il dekabrın sonlarında İsko o vaxt “Sevilya”nın idman direktoru olan Ramon Monçi ilə münaqişə mənzərəsində klubu tərk edib. 7 ay futbolsuz dolaşmış İsko “Betis”ə cari ilin iyulunda azad agent qismində qoşulub. Vurğulayaq ki, “Betis” “Sevilya”nın qatı rəqibidir.

Cari mövsümün ilk yarısında İsko “Betis”in heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

İskonun muzeyi qənimətlərlə zəngindir və bunların hamısı futbolçunun “Real” dövründə qazandığı kuboklardır: 3 İspaniya La Liqası, 1 İspaniya Kral Kuboku, 3 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 3 UEFA Super Kuboku, 4 FIFA Klub Dünya Kuboku. Bir sözlə, İsko klub futbolu səviyyəsində bütün mümkün qənimətlərin çoxsaylı qalibidir.

İsko 2013-cü ilin fevralında debüt etdiyi İspaniya yığmasının heyətində 38 oyun keçirib, 12 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib. İstedadlı futbolçu İspaniyanın əsas yığmasına U16-dan U21-ə qədər bütün yolu keçməklə düşüb. İsko İspaniyanın U-21 yığması ilə 2013 Avropa Çempionatının qalibi olub.

“Transfermarkt” internet portalı 31 yaşlı ispan hücumameylli yarımmüdafiəçi İskonun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

İskonun futbol məharəti əks edilmiş videoçarxı təqdim edirik:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: