“Arsenal” azarkeşləri: “Zinçenkonu klubumuzdan rədd edin!”

Premyer Liqanın 19-cu turunda evdə “Vest Hem”ə qarşı oyun (0:2) “Arsenal” üçün gözlənilmədən xoşagəlməz başa çatıb.

Arena.az məlumat verir ki, “topçular” gözlənilmədən 0:2 hesabı ilə məğlub olaraq, liderliyi əldən verib və Premyer Liqanın birinci dövrəsini zirvədə bitirmək imkanını qaçırıblar.

Komandanın ukraynalı sol cinah müdafiəçisi Aleksandr Zinçenko bu oyundan sonra “topçular”ın azarkeşləri tərəfindən sosial şəbəkələrdə tənqid atəşinə tutulub. “Topçular”ın pərəstişkarları ukraynalı müdafiəçinin çıxışından olduqca narazıdırlar və artıq klub rəhbərliyini Zinçenko ilə yollarını ayırmağa səsləyiblər:

“Zinçenkonu klubumuzdan rədd edin. Mən çox ciddiyəm!”, – sakascatIey adlı istifadəçi qəzəblə çağırış edib.

“Zinçenko elə bacarıqları və imkanı olan bir oyunçudur ki, bu da sizə çempionluq bahasına başa gələ bilər”, – istifadəçi ltarsenal mövzuya dair bildirib.

“Timber formada olsaydı, Zinçenko əsas heyətdə “zırt” çıxış edə bilərdi”, – samuelJayC yazıb.

“Oyunçular bizi yenidən məyus edirlər. Trossard, Zinçenko və Martinelli dəhşətli idilər. Oyanın, ikinci yarıdır! – MrDtAFC komanda üzvlərini toparlanmağa səsləyib.

“Zinçenko yaxşı olduğu yeganə şeyi də daha edə bilmir”, – Lhastim3 ukraynalı futbolçunu tənqid edib.

Xatırladaq ki, Zinçenko “Vest Hem”ə qarşı oyuna əsas heyətdə başlayıb və oyunun 64-cü dəqiqəsində hesab 0:2 qonaqların xeyrinə ikən əvəzlənib.

19 turdan sonra “Arsenal” liderliyini itirərək, birinci dövrəni 40 xalla 2-ci pillədə başa vurub. Premyer Liqaya 42 xalla “Liverpul” başçılıq edir.

Aleksandr Zinçenko London klubuna 2022-ci ilin iyulunda 35 milyon avro qarşılığında “Mançester Siti”dən keçib. Ukraynalı müdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Zinçenko “Arsenal”ın heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

Zinçenko 2019-cu ildə Ukraynada ilin futbolçusu seçilib. Ukraynalı müdafiəçinin qənimətlərinin hamsı “Mançester Siti”də çıxış etdiyi dövrə aiddir: 5 dəfə Premyer Liqa çempionluğu, 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Liqa Kuboku, 2 dəfə İngiltərə Super Kuboku.

Aleksandr Zinçenko 2015-ci ilin oktyabrında debüt etdiyi Ukrayna millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub, 5 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: