Nuri Şahin: “Bu təklifdən imtina edə bilməzdim”

Türk mütəxəssis, Dortmund “Borussiya”sının sabiq futbolçusu Nuri Şahin doğma klubuna qayıdışına münasibətini açıqlayıb.

Arena.az Almaniya klubunun rəsmi saytına istinadən, Nuri Şahinin bu barədə fikirlərini təqdim edir:

“İki ildən artıq müddətdə çalışdığım “Antalyaspor” Futbol Klubunun baş məşqçisi vəzifəsini tərk etmək asan qərar deyildi, çünki biz xüsusi nəsə yaratmışıq. Bu layihədə iştirak edən hər kəsə, xüsusən də oyunçularıma ürəkdən təşəkkür edirəm. Bu, inanılmaz dərəcədə zəngin, maarifləndirici və duyğusal vaxt idi. Kluba uğurlar arzulayıram və “Antalyaspor”un uğur hekayəsinin davam edəcəyinə əminəm.

“Borussiya”dan imtina edə bilməzdim. Məşqçilər komandası və mən birlikdə “Dortmund”u uğur yoluna qaytarmağa çalışacağıq. Evə qayıtmaq çox xoşdur”, deyə Şahin sevinclə bildirib.

Xatırladaq ki, 2023-cü ilin dekabrın 29-da türk mütəxəssis Nuri Şahin və alman mütəxəssis Sven Bender bir vaxtlar futbolçu kimi çıxış etdikləri Dortmund klubuna məşqçi olaraq geri qayıdıblar. “Borussiya”nın baş məşqçisi Edin Terziç bu işdə böyük təşəbbüskar olub. Hər iki mütəxəssis Edin Terziçin məşqçilər qərargahında yer alıb.

Hazırda “Borussiya” Almaniya Bundesliqasında keçirdiyi 16 oyundan sonra 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Bundesliqaya 42 xalla “Bayer” (Leverkuzen) başçılıq edir.

Vurğulanır ki, Dortmund klubu qış fasiləsində sonra təzə və böyük qüvvə ilə çempionluq yarışında daha iddialı olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: