İtaliya çempionu “Napoli”nin qapıçısı Aleks Meret zədə səbəbindən ən azı bir ay komandasına kömək edə bilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Neapol klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Montsa” ilə oyunda zədə almış qolkiper ətraflı tibbi müayinələrdən keçib. Qapıçıya sol bud əzələsində ikinci dərəcəli gərginlik diaqnozu qoyulub. Meret bu zədəyə görə təxminən üç-dörd həftə komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, Aleks Meret 2018-ci ilin yayından “Napoli”də forma geyinir. Bu mövsüm 22 oyuna çıxmış qapıçı 28 qol buraxıb, 7 “quru” oyun keçirib. Onun Neapol klubundakı ümumi statistikası isə belədir: 160 oyun, 176 buraxılmış qol, 54 “quru” oyun.
İtalyan qolkiper karyerası ərzində SPAL və “Udineze”də də forma geyinib. 26 yaşlı qolkiper İtaliya milli komandasında da 3 matç keçirib.


