Futbol üzrə Xorvatiya millisinin sabiq hücumçusu, yaydan bəri azad agent statusunda olan Nikola Kaliniç yenidən futbola qayıdıb.
Arena.az xəbər verir ki, 35 yaşlı forvard 2023-cü ilin yayında ayrıldığı Xorvatiyanın “Hayduk” klubu ilə müqavilə bağlayıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli forvardla 6 aylıq müqavilə imzalanıb.
Xatırladaq ki, Nikola Kaliniç məhz “Hayduk”un yetirməsidir. O, 2005-2009-cu illər aralığında Split təmsilçisinin əsas komandasında çıxış edib. Həmin vaxt o, “İstra 1961” və “Şibenik”də icarədə də oynayıb. 2009-cu ildə Kaliniç İngiltərənin “Blekbern” klubuna transfer olunub. Sonralar “Dnepr”, “Fiorentina”, “Milan”, “Atletiko” (Madrid), “Roma” və “Verona” klublarında da forma geyinmiş hücumçu, 2022-ci ilin fevralında yenidən “Hayduk”a qayıtmışdı. Ötən mövsümün sonunda bu klubdan ayrılandan bəri işsiz olan futbolçu Split təmsilçisinin yarım mövsümlük yeni təklifini qəbul edib. O, bu komandada indiyə qədər 93 oyun keçirib, 41 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.
Kaliniç Xorvatiya yığmasının heyətində meydana çıxdığı 42 oyunda 15 qol vurub.


