Dieqo Kosta “Botafoqo”dan ayrıldı

Vaxtilə həm Braziliya, həm də İspaniya yığmalarında oynamış təcrübəli hücumçu Dieqo Kosta “Botafoqo”dan ayrılıb.

Arena.az xəbər verir ki, Braziliya klubu ilə müqaviləsinin müddəti bitən 35 yaşlı hücumçu azad agentə çevrilib.

O, ötən ilin avqust ayında İngiltərənin “Vulverhempton” klubundan ayrılaraq “Botafoqo”ya üz tutmuşdu. Təcrübəli forvard bu komandanın heyətində 13 oyun keçirib və 3 qola imza atıb.

Özünün sərt oyunu, kobud davranışı ilə səciyyəvi olan braziliyaəsilli ispaniyalı mərkəz hücumçusunun futbolçu karyerasının ən məhsuldar dövrü Madrid “Atletiko”su və “Çelsi”nin adı ilə bağlıdır.
Braziliya yığmasının heyətində iki yoldaşlıq oyununda iştirak etmiş Dieqo Kosta sonradan İspaniya vətəndaşlığı alaraq, bu ölkənin milli komandasının heyətində çıxış etməyə başlayıb. Hücumçunun bu addımı o zaman Braziliya futbol ictimaiyyəti tərəfindən heç də xoş qarşılanmamışdı.

Kosta “Çelsi” və “Atletiko”dan başqa “Braqa”, “Penafiel”, “Selta”, “Albasete”, “Valyadolid”, “Rayo Valyekano” və “Vulverhempton”da da oynayıb. O, İspaniya milli komandasında 24 oyun keçirib, 10 qola imza atıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı Dieqo Kostanı 1,6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: