“Roma”nın və İran yığmasının mərkəz hücumçusu Sərdar Əzmun paytaxt klubunda uyğunlaşması haqda söhbət açıb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, Əzmunun bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Bura ilk dəfə gələndə azarkeşlər məni komandada görmək istəmirdilər. Dərhal düşündüm ki, klubuma kömək etmək üçün çox çalışmalıyam. İndi mən “Roma”nın oyunçusu olduğum üçün çox xoşbəxtəm və bütün tərəfdaşlarım kimi, bu klub üçün ölməyə hazıram”, deyə Əzmun bildirib.
Sərdar Əzmun cari mövsümdə “Roma”da “Bayer”dən 1 illik icarə əsasında çıxış edir. “Canavarlar” iranlı futbolçunu daimi əsasda tamhüquqlu transfer etmək hüququna malikdirlər və bu halda Leverkuzen klubuna 12 milyon avro məbləğində ödəniş etməlidirlər.
Sərdar Əzmunun yeniyetməlik karyerası İran klublarında keçib. Sərdarın böyük futbolda debütü isə Rusiyanın “Rubin” (Kazan) klubunda baş tutub. Daha sonra Əzmun “Rostov”da icarədə oynayıb və tamhüquqlu əsasda ora transfer edilib. Ardından yenidən “Rubin”ə qayıdıb, daha sonra isə Sankt-Peterburq “Zenit”inə keçib. 2022-ci ildə Əzmun karyerasını daha yüksək səviyyədə davam etditmək imkanı qazanıb və Leverkuzen “Bayer”inə keçib.
Əzmunun futbolçu karyerasında uğurları Sankt-Peterburq “Zenit”ində çıxış etdiyi dövrə təsadüf edir. “Zenit”in heyətində Əzmun 4 dəfə Rusiya çempionu, 1 dəfə Rusiya Kubokunun, və 1 dəfə Rusiya Super Kubokunun qalibi olub.
Cari mövsümdə Əzmun “Roma”nın heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Sərdar Əzmun 2014-cü ilin may ayında 19 yaşında debüt etdiyi İran yığmasında 75 oyun keçirib, 49 qol vurub, 11 məhsuldar ötürmə verib.
Türkmənəsilli hücumçu İran futbol tarixində Əlirza Cahanbəxşdən sonra ikinci ən bahalı futbolçudur. Əzmun UEFA Çempionlar Liqasında qol vurmağı bacarmış ən gənc iranlı futbolçudur.
“Transfermarkt” internet-portalı 29 yaşlı iranlı mərkəz hücumçusunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


