Futbol üzrə Kanada yığmasının və Belçikanın “Brügge” klubunun sağ cinah vingeri Teycon Byukenen Milan “İnter”inə keçib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Transfer “neradzurri”yə 7 milyon avro məbləğində başa gəlib. “İnter” kanadalı yarımmüdafiəçi ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Müqavilə bu gündən, yanvarın 5-dən qüvvəyə minib.
Byukenen “İnter”in heyətində ilk kanadalı futbolçu olub. Teycon sağ cinahda çoxyönlü fəaliyyəti ilə səciyyəvi oyunçudur, həm vinger və həm də kənar müdafiəçi kimi cinah boyu oynaya bilir.
Byukenen böyük futbola 2018-ci ildə Kanadanın “Siqma” komandasının heyətində qədəm qoyub. 2019-2021-ci illərdə isə ABŞ-ın “Nyu-İnqlend Revolyuşn” komandasında çxış edib və buradan “Brügge”yə yol tapıb.
Cari mövsümün ilk yarısında Byukenen “Brügge”nin heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
Byukenen “Brügge” ilə 2021/2022 mövsümü Beçika çempionatının qalibi olub.
Teycon Byukenen 2021-ci ilin iyununda debüt etdiyi Kanada yığmasının heyətində 35 oyun keçirib, 4 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı kanadalı sağ yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


