“Barselona”da İnyiqo Martines şoku

Futbol üzrə İspaniya milli komandasının və “Barselona” klubunun mərkəz müdafiəçisi İnyiqo Martines zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 32 yaşlı mərkəz müdafiəçisi İspaniya Kral Kubokunun 1/16 finalında “Barbastro” kollektivi ilə görüşdə sıradan çıxıb. Matçın 64-cü dəqiqəsində sol ayağından xəsarət alan ispan futbolçunun bud əzələsində problem aşkarlanıb. Onun yaşıl meydanlara qayıtma tarixi tibbi müayinələrdən sonra müəyyənləşəcək.

Xatırladaq ki, rəqibini 3:2 hesabı ilə məğlub edən “Barselona” 1/8 finala yüksəlib.

İnyiqo Martines 2023-cü ilin iyul ayından “Barselona”nın uğurları üçün çalışır. Təcrübəli futbolçu Kataloniya təmsilçisinin heyətində indiyə qədər 11 oyuna çıxıb.

Martines “Real Sosyedad”ın yetirməsidir. O, bu komandada 239 oyun keçirib, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu 2018-ci ildən Bilbao “Atletik”ində çıxış edirdi. Martinesin “Atletik” karyerası bütövlükdə 177 oyun, 8 qol və 7 assistdən ibarətdir.

İnyiqo İspaniya yığmasında 2013-cü ildə debüt edib. O, yığmada 21 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: