Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2024-cü ilin ilk qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, yeni ilin ilk oyun günündə 2023/2024 mövsümünün 8-ci turunun iki görüşü baş tutub.
Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. İlk olaraq, meydana “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları çıxıblar. “Milli Aviasiya Akademiyası” qarşılaşmaya daha yaxşı başlayıb və Vüqar Əliyevin yetirmələri üstünlüklərini sonadək qoruyaraq 3:0 hesabı ilə qələbə qazanıblar.
Turun növbəti oyunu isə “Murov” və “Azərreyl” klubları arasında olub. Tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Həlledici hissədə daha dəqiq oynayan “Murov” bu matçdan 3:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, “Azərreyl” bu məğlubiyyətə baxmayaraq, hazırda 19 xalla turnir cədvəlinə liderlik edir. “Abşeron” 18 xalla ikinci, “Murov” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.
Yüksək Liqa
8-ci tur
9 yanvar
“Abşeron” – “Milli Aviasiya Akademiyası” 0:3 (18:25, 19:25, 25:27)
“Murov” – “Azərreyl” 3:2 (18:25, 25:19, 25:14, 17:25, 15:6)


