Futbol üzrə Almaniya yığmasının və “Leypsiq”in hücumçusu Timo Verner yenidən İngiltərə Premyer Liqasında oynamağa qərar verib.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu “Tottenhem”ə keçib.
Bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. İngiltərə klubu hücumçunu “Leypsiq”dən bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
“Tottenhem”in yayda alman futbolçunu 18 milyon avro ödəyərək birdəfəlik almaq hüququ var. Timo yeni klubunda 16 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Timo Verner daha öncə İngiltərədə “Çelsi”nin də şərəfini qoruyub. Belə ki, o, 2020-ci ilin iyul ayında 53 milyon avro qarşılığında keçdiyi London klubunun heyətində 89 oyuna çıxıb, 23 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. Lakin 2022-ci ilin avqustunda “Leypsiq” “Çelsi”yə 20 milyon avro ödəyərək sabiq forvardını geri qaytarmışdı.
Verner bu mövsüm “Leypsiq”in heyətində bütün turnirlər çərçivəsində 14 matçda iştirak edib, 2 qol vurub və 1 qolun ötürməsini verib. O, Almaniya klubunda bütövlükdə 213 oyuna çıxıb, 113 qol və 47 məhsuldar ötürmə müəllifi olub. Vernerin hazırda “Leypsiq”lə 2026-cı ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.
“Ştutqart”ın yetirməsi olan Verner, “Leypsiq”dən öncə məhz bu komandanın uğurları üçün çalışıb. Almaniya yığmasında 57 oyuna çıxan hücumçu, 24 qola imza atıb.

“Leypsiq” Moribanı da icarəyə göndərdi
Yeri gəlmişkən, “Leypsiq” mərkəz yarımmüdafiəçisi İlayş Moribanı da İspaniyanın “Xetafe” klubuna icarəyə verib. 20 yaşlı futbolçunun bu mövsümün sonunadək icarədə olacağı diqqətə çatdırılıb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Moriba “Barselona”nın yetirməsidir. Qvineyalı yarımmüdafiəçi 2021-ci ilin avqust ayında 16 milyon avro qarşılığında “Leypsiq”ə üz tutsa da, bu komandada möhkəmlənə bilməyib. O, Bundesliqa təmsilçisində cəmi 6 oyuna çıxıb. Uzun müddət “Valensiya”da icarədə olmuş Moribanın da “Leypsiq”lə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. O, Qvineya yığmasında 19 oyuna 1 qol vurub.
“Tottenhem” də gənc futbolçusunu icarəyə verdi
Verneri heyətinə qatan “Tottenhem” də gənc müdafiəçisi Eşli Fillipsi “Plimut”a icarəyə verib. 18 yaşlı futbolçu bu mövsümün sonuna kimi aşağı liqa klubunda icarədə olacaq. London klubu ingilis mərkəz müdafiəçisini 2023-cü ilin yayında “Bləkbörn”dən 2,3 milyon avro transfer etmişdi. Vaxtilə Uelsin U-16 yığmasında oynamış Eşli, 2021-ci ildən İngiltərə yığmalarında oynamağa başlayıb. Hazırda U-19-da forma geyinən müdafiəçi U-18 və U-17-də də oynayıb. Fillips hələ “Tottenhem”in əsas komandasında debüt şansı qazanmayıb.


