Bernd Rayxart La Liqa prezidentinə: “Hər şeyi götür, sənin olsun”

Qalmaqallı Avropa Super Liqasının rəhbəri Bernd Rayxart İspaniya La Liqasının prezidenti Xavyer Tebasa müraciət edib.

Arena.az xəbər verir ki, Avropa Məhkəməsinin müvafiq qərarı ilə təsis hüququ əldə etmiş Super Liqa öz iddialarını tədricən gerçəkləşdirməkdə israrlıdır.

Bu arada Super Liqanın yaradılmasına havadarlıq etmək və təşviq etmək üçün təsis edilmiş “A22 Sports Management” şirkətinin baş direktoru Bernd Rayxart La Liqanın prezidenti Xavyer Tebasa müraciət ünvanlayıb. “Mundo Deportivo” nəşri Rayxartın fikirlərini belə çatdırıb:

“Əminəm ki, gələcəkdə zamanı gələndə görüşəcəyik. Əlbəttə ki, onun daha açıqfikirli olmasını və Super Liqanın təqdim etdiyi imkanlara açıq olmasını istərdim. Onu həmişə daha cəlbedici Avropa liqasının yerli liqadan daha çox gəlir gətirəcəyi və ya daxili çempionatın gəlirini əlindən ala biləcəyi narahat edib. Bu, hər şeydən əvvəl onun Super Liqanın daha da yaxşılaşacağına və daha yaxşı nəticə göstərə biləcəyinə inanması deməkdir. Bunun üçün ona böyük təşəkkür.

İkincisi, bu doğru deyil, çünki biz nə yayımçının, nə də abunə haqqını ödəyən tamaşaçının büdcəsi üçün yarışmaq fikrində deyilik. Bizim təklifimiz oyunlara ödənişsiz giriş üçün müstəviyə əsaslanır. Tebas deyib ki, “Super Liqa kökənin bir parçasını məndən alır”, amma indi biz deyirik: “Bütün piroqu götür, mən ona heç toxunmayacağam, hər şey sənin üçün olsun”.

Xatırladaq ki, dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz elan edib. Məhkəmə qərarı ilə vurğulanır ki, təşkilatların Avropada klub yarışlarında inhisar hüququ yoxdur və Avropa qanunlarına əsasən Super Liqa rəsmi olaraq yaradıla bilər.

Hazırda klublar Super Liqadan kütləvi şəkildə imtina edərək, UEFA-nın ətrafında sıx birləşmək mövqeyi tutublar. Super Liqanın yaradılmasına bunun ideya müəllifi “Real” və bu ideyanın qüvvətli dəstəkçisi “Barselona” sadiq qalıblar. “Napoli” isə Super Liqanın təsis edilib keçiriləcəyi halda, yarışda iştiraka hazır olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: