Yüksək Liqa: “Murov”la “Neftçi” 2024-cü ilə qələbə ilə başladı

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2024-cü ilin ilk qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, yeni ilin ilk oyun günündə 8-ci tur çərçivəsində iki görüş baş tutub.

Tura “Neftçi” – MOİK matçı ilə start verilib. “Murov” klubunun İdman zalında təşkil olunan görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun növbəti oyununda “Murov” və “Azərreyl” klubları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan gərgin qarşılaşmada tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Bu hissədə daha dəqiq oynayan “Murov” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Yüksək Liqada “Xarı Bülbül” (Şuşa) 16 xalla turnir cədvəlinə liderlik edir. Hərəyə 15 xal qazanan “Murov” və “Azərreyl” 2-ci və 3-cü, “Neftçi” 13 xalla 4-cü, “Xarı Bülbül” (Laçın) 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.

Yüksək Liqa
8-ci tur
11 yanvar

“Neftçi” – MOİK 3:0 (25:20, 25:23, 27:25)
“Murov” – “Azərreyl” 3:2 (25:20, 25:17, 20:25, 23:25, 15:8)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: