İvan Perişiç “Tottenhem”i tərk etdi, sabiq klubuna qayıtdı

Futbol üzrə Xorvatiya milli komandasının və “Tottenhem”in sol cinah vingeri İvan Perişiç İngiltərə klubundan ayrılıb.

Arena.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu bundan sonra “Hayduk”da forma geyinəcək.

Split təmsilçisi 34 yaşlı vingeri bu mövsümün sonuna kimi icarəyə götürüb.

Xatırladaq ki, Perişiç karyerasının yeniyetməlik və erkən gənclik illərini Xorvatiyanın “Dalmatinats” və “Hayduk” (Split) klublarında keçirib. Buradan Fransa “Soşo”suna keçmiş İvan, ardınca Belçikanın “Ruselare” klubuna icarəyə verilib. Oyunu ilə “Brügge”nin diqqətini çəkmiş futbolçunu “qara-mavilər” heyətinə qatıblar. Daha sonra Dortmund “Borussiya”sı, ardınca isə “Volfsburq” Perişiçin xidmətindən istifadə ediblər. 2015-ci ildə isə Perişiç “İnter”ə keçib və 2022-ci ilə qədər İtaliya nəhənginin heyətində oynayıb. Bu müddətdə “İnter” Perişiçi “Bayern”ə icarəyə göndərib. Buradan isə İvan İngiltərəyə keçib.

İvan Perişiç “Tottenhem”ə 2022-ci ilin iyulunda qoşulub. Onun bu klubla 2024-cü ilin yayına qədər müqaviləsi var. Cari mövsümdə 6 oyuna çıxıb, 2 məhsuldar ötürmə vermiş Perişiç “Tottenhem”də bütövlükdə 50 oyuna 1 qol vurub, 14 assist edib. O, bu mövsümün aldığı ağır zədə səbəbindən uzun müddətdir oynamır. Təcrübəli oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı da dəqiq bilinmir.

Perişiç “Borussiya” ilə Bundesliqanın (2011/2012) və Almaniya Kubokunun (2011/2012), “Volfsburq”la Almaniya Kubokunun (2014/2015) və Almaniya Super Kubokunun (2015), “Bayern”lə Bundesliqanın (2019/2020), Almaniya Kubokunun (2019/2020) və Çempionlar Liqasının (2019/2020), “İnter”lə A Seriyasının (2020/2021), İtaliya Kubokunun (2021/2022), İtaliya Super Kubokunun (2021) qalibi olub.

Təcrübəli vinger 2011-ci ildə debüt etdiyi Xorvatiya yığmasında 129 oyun keçirib, 33 qol vurub, 30 məhsuldar ötürmə verib. Oyun sayına görə Perişiç yığmada 3-cü, qol sayına görə isə 2-ci nəticəyə sahibdir.

Perişiç Xorvatiya yığması ilə DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc medal qazanıb, həmçinin 2022/2023 mövsümü UEFA Millətlər Liqasının finalçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: