Andres Quardado “Betis”dən Meksika “Leon”una keçdi

Meksikalı mərkəz yarımmüdafiəçisi Andres Quardado “Betis”dən tamhüquqlu əsasda Meksika “Leon”unun düşərgəsinə keçib.

Arena.az bu barədə Meksika klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Meksika klubu transfer məbləğini hələ açıqlamayıb. “Leon” Quardado ilə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Andres Quardado Meksikanın “Atlas” klubunun yetirməsidir. Andres karyerası ərzində “Deportivo” (La Korunya), “Valensiya”, “Bayer” (Leverkuzen), PSV və “Betis”də oynayıb.

Quardado cari mövsümün ilk yarısında “Betis”in heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 19 oyuna çıxıb.

Andres Quardadonun qənimətlər muzeyində “Deportivo La Korunya” ilə Sequnda çempionluğu, PSV ilə hər biri 2 dəfə Niderland çempionluğu və Niderland Super Kuboku, “Betis”lə İspaniya Kral Kuboku var.

Andres Quardado 2005-ci ilin dekabrında debüt etdiyi Meksika yığmasının heyətində 181 oyuna çıxıb, 28 qol vurub, 31 məhsuldar ötürmə verib. Andres Meksika yığması ilə CONCACAF Qızıl Kubokunun üçqat (2011, 2015, 2019) qalibidir.

“Transfermarkt” internet-portalı 37 yaşlı meksikalı mərkəz yarımmüdafiəçisi Andres Quardadonun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: