Santyaqo Pyerotti “Leççe”də – Rəsmi

Argentinanın “Kolon” klubunun sağ cinah vingeri Santyaqo Pyerotti bundan sonra “Leççe”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

A Seriyası təmsilçisi bu transfer üçün “Kolon”a 1,2 milyon avro ödəyib. İtaliya vətəndaşlığı da olan argentinalı futbolçu ilə 3,5 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Pyerottinin yeni komandasında 50 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

Santyaqo Pyerotti “Kolon”un öz yetirməsidir. 22 yaşlı vinger bu klubun əsas komandasında 117 oyun keçirib, 10 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Argentinanın U-20 yığmasında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, “Leççe”nin dayaq yarımmüdafiəçisi Cakomo Fatikanti də icarə əsasında “Ternana”ya keçib. 19 yaşlı italyan futbolçu bu mövsümün sonunadək icarədə olacaq. Onun “Leççe” ilə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi var.

Cakomo Fatikanti “Frozinone” və “Roma” futbol məktəblərinin yetirməsidir. O, “Leççe”yə 2023-cü ilin avqustunda 1 milyon avro qarşılığında keçib. Gənc yarımmüdafiəçi hələ bu klubun əsas komandasında debüt etməyib. Bu üzdən də “Leççe” onun oyun təcrübəsi toplaması üçün icarəyə göndərilməsini məqsədəuyğun hesab edib.

İtaliyanın U-15, U-16 və U-19 yığmalarında forma geyinmiş Fatikanti hazırda U-20-də çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: