İngiltərənin “Nyukasl” klubunun sağ cinah müdafiəçisi Xavyer Mankilyo bundan sonra “Selta”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
İspan futbolçu yeni klubu ilə müddəti 2025-ci ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Xavyer Mankilyo 2017-ci ildən “Nyukasl”ın formasını geyinirdi. 29 yaşlı futbolçu İngiltərə klubunun heyətində 110 oyun keçirib, 1 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində Marsel “Olimpik”inin, Madrid “Atletiko”sunun, “Sanderlend” və “Liverpul” klublarının da formasını geyinib, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.
“Transfermarkt” internet-portalı ispan futbolçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
Bu arada argentinalı qapıçı Aqustin Marçesin azad agent qismində “Selta”dan ayrılıb və Braziliya nəhənglərindən “Qremio”ya keçib. Transfer tamhüquqlu əsasda gerçəkləşib. Braziliya klubu argentinalı qapıçı ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Marçesin “Urakan”ın yetirməsidir, karyerası ərzində “Lanus”, “Santos Laquna”, “Amerika” (Mexiko), “Portu” və “Selta”da çıxış edib.
Cari mövsümün ilk yarısında Marçesin “Selta”nın heyətində 1 oyun keçirib, 1 qol “yeyib”.
Aqustin Marçesinin qənimətlər muzeyində xeyli kuboku var: “Portu” ilə hər biri 2 dəfə olmaqla Portuqaliya çempionluğu, Portuqaliya Kuboku və Portuqaliya Super Kuboku, “Lanus”la Cənubiamerikan Kuboku, həmçinin “Amerika” və “Santos Laquna” ilə Meksika əhəmiyyətli çempionluqlar və kuboklar.
Marçesin 2011-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 8 oyun keçirib, 9 qol buraxıb, 4 oyunda isə qapısının toxunulmazlığını təmin edə bilib. Marçesin Argentina yığması ilə 2021 Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 35 yaşlı qapıçının transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.


