Ever Baneqa “Əl-Şabab”ı tərk etdi, vətəni Argentinaya qayıtdı

Futbol üzrə Argentina millisinin sabiq mərkəz yarımmüdafiəçisi Ever Baneqa Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, azad agent statusu alan futbolçunu “Nyuells Old Boyz” klubu tamhüquqlu əsasda heyətinə qatıb.

Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb. Baneqa köhnə-yeni klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Xatırladaq ki, Baneqa əvvəllər də “Nyuells Old Boyz”da çıxış edib. O, 2014-cü ildə bu klubun heyətində 20 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ever Baneqa “Boka Xuniors”un yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində “Valensiya”, Madrid “Atletiko”su, “Sevilya”, “İnter” və “Əl-Şabab”da çıxış edib.

Cari mövsümün ilk yarısında Baneqa “Əl-Şabab”ın heyətində 19 oyuna çıxıb, 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.

Baneqa “Boka Xuniors”la Libertadores Kubokunun, “Valensiya” ilə İspaniya Kral Kubokunun, “Sevilya” ilə Avropa Liqasının (üçqat) qalibi olub.

Baneqa 2008-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 65 oyuna çıxıb. O, bu görüşlərdə 6 qol vurub, 8 məhsuldar ötürmə verib. Baneqa “albiseleste”nin U-20 yığması ilə gənclərin Dünya Kubokunun (2007), həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında futbol turnirinin qalibi olub.

“Transfermarkt” internet-portalı 35 yaşlı argentinalı futbolçunun transfer dəyərini 1,50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: