Futbol üzrə Kot-d’İvuar (Fil Dişi Sahili) milli komandasının baş məşqçisi, fransalı mütəxəssis Jan-Lui Qasse istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Kot-d’İvuar Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.
70 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb. Buna sözügedən komandanın məhz Kot-d’İvuarda təşkil olunmuş sayca 34-cü Afrika Millətlər Kubokunda zəif çıxışı səbəb göstərilib.
Xatırladaq ki, Jan-Lui Qasse 2022-ci ilin may ayından Kot-d’İvuar millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda hazırda davam edən Afrika Millətlər Kubokunun qrup mərhələsində cəmi 3 xal toplayıb. Komanda A qrupunda 3-cü yeri tutub. Milli hələ də qruplarında üçüncü yeri tutan komandaların reytinqi sayəsində Afrika Kubokunun pley-off mərhələsinə yüksələ bilər. Amma bu ehtimal elə də yüksək qiymətləndirilmir.
Qasse Kot-d’İvuar yığmasını bütövlükdə 17 oyuna çıxarıb. Komanda bu görüşlərdə 10 qələbə qazanıb, 3 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb.
Fransalı mütəxəssis karyerası ərzində “Monpelye”, “Kan”, “Espanyol”, “İstr”, “Sent-Etyen” və “Bordo” kimi klublarda da baş məşqçi olub.


