“Barselona”nın baş məşqçisi Xavi İspaniya Kral Kubokunun 1/4 finalında “Atletik”ə məğlubiyyətdən (2:4) sonra klubdakı gələcəyindən danışıb.
Arena.az ispan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mövsümün sonuna qədər rəqabətəqadir səviyyədə olmasaq, mən getməli olacağam. Harada olduğumu bilirəm, bu, yüksək səviyyəli klubdur. Burada, “Barselona”da titullar qazanmaq lazımdır, əks halda təhlükə altında olacaqsınız. Mən əminəm ki, layihə böyük imkana malikdir və ən yaxşı gənc oyunçuları əhatə edir”, deyə Xavi bildirib.
Xatırladaq ki, “Barselona” cari mövsümdə iştirak etdiyi dörd yarışdan ikisində mübarizəsinə artıq xitam verib. “Blauqrana” İspaniya Super Kubokundan və İspaniya Kral Kubokundan əlini artıq üzüb. La Liqada isə keçirdiyi 20 oyundan sonra “Barsa” 44 xalla 3-cü pillədə qərarlaşıb. Çempionlar Liqasına gəlincə, kataloniyalılar yarışın 1/8 finalında İtaliya A Seriyasının cari çempionu “Napoli” ilə qarşılaşacaqlar.


