Nenad Belitsa “qoçuluğuna” görə cəzalandırıldı

“Union Berlin”in baş məşqçisi, xorvat mütəxəssis Nenad Belitsa yol verdiyi qeyri-idmani davranışı müqabilində cəzalandırılıb.

Arena.az məlumat verir ki, Almaniya Bundesliqasının 13-cü turundan “Bayern”ə qarşı təxirə salınmış bu oyunda rəqibin vingeri Leroy Sanenin sifətini şapalaqladığı üçün Nenad Belitsaya Alman Futbol İttifaqı (DFB) tərəfindən oyun və pul cəzası kəsilib.

Xorvat mütəxəssis 3 oyunluq diskvalifikasiya edilib. O, 25 min avro məbləğində para cəriməsi də ödəməli olacaq.

Bildirilir ki, cəza üzrə Belitsanın stadionun ərazisində qalma qadağası oyunun başlamasına yarım saat qalmış başlayır və final fitindən yarım saat sonra başa çatır. Bu müddət ərzində məşqçi stadionda, paltardəyişmə otaqlarında, oyunçuların tunelində və ya paltardəyişmə otağının dəhlizində ola bilməz. Bütün bu müddət ərzində onun komanda ilə birbaşa və ya dolayı əlaqə saxlaması da qadağandır.

Xatırladaq ki, “Bayern”in evdə 1:0 hesabı ilə qalib gəldiyi oyunun 74-cü dəqiqəsində Berlin komandasının oyunçuları topu yan xəttdən çıxarıblar. Bu zaman “Union Berlin”in baş məşqçisi Nenad Belitsa topu dayandırıb və əlinə götürüb. “Bayern”in futbolçusu Sane topu qəbul edib oyuna daxil etmək üçün məşqçinin yanına qaçsa da, xorvat mütəxəssis topu kənara atıb. Leroy bu məqamda Belitsanı itələyib və ona nəsə deyib. Alman futbolçu bunun qarşılığında sifətinə iki yüngül şapalaq “yeyib”. Sane dərhal özünə əl qataraq rəqib baş məşqçinin üzərinə atılıb. Ortaya qara-qışqırıq və mərəkə düşüb, ətrafdakılar “qəhrəmanlar”ı ayırmağa çalışıblar, oyun dayandırlıb. Hakim bu rüsvayçılıq nəticəsində Saneyə sarı, Belitsaya isə qırmızı vərəqə göstərib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: