Kike Sançes Flores mətbuat konfransından imtina etdi

“Sevilya”nın baş məşqçisi Kike Sançes Flores Madrid “Atletiko”su ilə oyuna dair mətbuat konfransından imtina edib.

Arena.az xəbər verir ki, ispan mütəxəssis, oyuna baxmaq üçün Madridə yollanmış “Sevilya” azarkeşlərinin yol qəzasında ölümü ilə əlaqədar, İspaniya Kubokunun 1/4 final mərhələsinin oyununa (0:1) dair mətbuat konfransında sualları cavablandırmaq istəməyib.

“Sports.es” dərgisinin məlumatına görə, Kike Sançes Flores fikrini ikicə cümlə ilə yekunlaşdırıb:

“Biz “Sevilya”nın üç azarkeşinin ölüm xəbərindən çox üzüldük və kədərləndik. Məni bağışlayın, amma mən mətbuat konfransına yalnız “Sevilya” azarkeşlərinə başsağlığı vermək üçün gəlmişəm”, deyərək, ispan mütəxəssis mətbuat konfransını tərk edib.

Xatırladaq ki, qatı duman səbəbindən magistral yolda baş vermiş qəzada “Sevilya”nın 3 azarkeşinin həlak olduğu bildirilib.

Bundan əvvəl, “Atletik”, “Real Sosyedad” və “Malyorka” İspaniya Kral Kubokunun yarımfinal mərhələsinə yüksəliblər.
İspaniya Kral Kubokunun hazırkı qalibi ötənilki yarışın final oyununda “Osasuna”nı 2:1 hesabı ilə məğlub etmiş “Real”dır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: