Luis Asue və Dioqo Fonseka “Qarabağ”ın rəqibindən ayrıldılar

“Braqa”nın mərkəz hücumçusu Luis Asue və mərkəz müdafiəçisi Dioqo Fonseka Portuqaliya klubundan ayrılıblar.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Asue “Braqa”nı birdəfəlik tərk edib. Ekvatorial Qvineya yığmasının da üzvü olan 22 yaşlı forvard azad agent kimi Portuqaliyanın digər klubu “Moreyrense”yə keçib. O, yeni klubu ilə 2028-ci ilin 30 iyununa kimi anlaşıb.

Luis Asue “Braqa”nın öz yetirməsi olsa da, bu klubun əsas komandasında debüt şansı qazanmayıb. O, 2019-cu ildə debüt etdiyi Ekvatorial Qvineya yığmasında 12 oyuna çıxıb, 2 qola imza atıb.

Dioqo Fonseka isə “Eştrela”ya icarəyə verilib. O, bu mövsümün sonuna kimi icarədə oynayacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Fonseka da “Braqa”nın yetirməsidir. Portuqaliyadan olan 20 yaşlı futbolçu da bu klubun əsas komandasında oyun şansı qazanmayıb. O, Portuqaliyanın U-20 yığmasında da 3 oyun keçirib.

Xatırladaq ki, “Braqa” Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu komandalar arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: