Futbol üzrə Belçika milli komandasının sabiq üzvü, mərkəz yarımmüdafiəçisi olan Maruan Fellaini peşəkar karyerasına son verdiyini açıqlayıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə özünün sosial media hesabında paylaşım edib.
Fellanini paylaşımında “18 illik karyeramdan sonra peşəkar futbolu tərk etdiyimi elan edirəm” deyib.
Maruan futbola “Anderlext”də başlayıb. Daha sonra “Mons”, “Seren”, “Sportinq” (Şarlerua) futbol klublarının akademiyalarından da keçən ötənlərin məşhur yarımmüdafiəçisi, peşəkar karyerasına Lyej “Standard”ında start verib. O, məhz bu klubdakı çıxışı ilə İngiltərənin “Everton” klubunun diqqət mərkəzinə düşüb. 2008-ci ildə İngiltərə klubu 21,76 milyon avro ödəməklə Fellainini heyətinə qatıb. 2013-cü ilin sentyabrında 32,4 milyon avro qarşılığında “Mançester Yunayted”ə keçən yarımmüdafiəçi 2019-cu ildə İngiltərə nəhəngindən ayrılaraq Çinə üz tutmuşdu. O, karyerasının son illərini Çin Super Liqasında mübarizə aparan “Şandun Tayşan” klubunda keçirib.
Fellaini karyerası ərzində iki dəfə Belçika çempionu adını qazanıb. O, Çin Kubokunun, Avropa Liqasının, İngiltərə Federasiya Kubokunun, İngiltərə Liqa Kubokunun, İngiltərə Super Kubokunun və Çin Super Liqasının da qalibi olub.
Peşəkar klub karyerasında 579 matçda 117 qola imza atan Fellaininin formasını geyindiyi komandalarda göstəriciləri belədir:
Mançester Yunayted – 177 oyun, 22 qol, 12 məhsuldar ötürmə
Everton – 177 oyun, 33 qol, 26 məhsuldar ötürmə
Şandun Tayşan – 141 oyun, 50 qol, 13 məhsuldar ötürmə
Standard – 84 oyun, 12 qol, 6 məhsuldar ötürmə
Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Maruan Fellaini, 2007-ci ildən əsas millidə forma geyinməyə başlayıb. O, Belçika yığmasında 87 oyuna 18 qol vurub, 4 assistlə yadda qalıb.
Bahar Rüstəmzadə


