Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki beş aylıq fasilədən sonra özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Monteneqro yığma komandasının baş məşqçisi təyin olunub.
Bu barədə Monteneqro Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssislə 1 illik müqavilə ilə bağlı razılıq əldə olunduğu diqqətə çatdırılıb.
Prosineçki Monteneqro yığmasında ötən ilin dekabrında istefaya göndərilmiş Miodraq Raduloviçi əvəz edib. Hansı ki, o, 2020-ci ilin debabrından bu komandaya rəhbərlik edirdi. Monteneqrolular 56 yaşlı mütəxəssisin rəhbərliyi altında keçirdikləri 32 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib, 14 məğlubiyyətə üzülüblər.
Qeyd edək ki, hazırda “Qarabağ”da çıxış edən Marko Veşoviç və Marko Yankoviç də Monteneqro millisinin üzvləridir.
Robert Prosineçki 2023-cü ilin sentyabr ayından işsiz idi. O, ötən ilin iyul ayında Xorvatiyanın “Rudeş” komandasının baş məşqçisi təyin olunsa da, qısa müddət sonra bu kollektivdən ayrılmaq məcburiyyətində qalmışdı. Belə ki, o, “Rudeş”i cəmi 7 oyuna çıxarmış və biabırçı nəticə ilə yadda qalmışdı – 0 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət!
Xatırladaq ki, Robert Prosineçki daha öncə Azərbaycan, həmçinin Bosniya və Herseqovina yığmalarını da çalışdırıb. Millimiz 2014-2017-ci illər aralığında bu məşqçinin rəhbərliyi altında 23 matça çıxıb. Bu görüşlərdə 6 qələbə qazanmış Azərbaycan yığması, 6 heç-heçə edib, 11 görüşdə isə məğlubiyyətə üzülüb.
Prosineçki Sloveniyanın “Olimpiya” (Lyublyana), Serbiyann “Srvena Zvezda”, Türkiyənin “Kayserispor” və “Dənizlispor” klublarında da baş məşqçi kimi çalışıb.



