Said Benrahma və Orel Manqala Lion “Olimpik”ində!

Fransanın “Olimpik” (Lion) klubu heyətini iki yeni futbolçu – Said BenrahmaOrel Manqala ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Benrahma İngiltərənin “Vest Hem” klubundan mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Yarım mövsümlük icarə haqqı 6 milyon avro təşkil edir. Mövsümün sonunda klub bu futbolçunun birdəfəlik transferi üçün əlavə 14,5 milyon avro ödəməlidir. Benrahma yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Səid Benrahma peşəkar karyerasına elə Fransada, bu ölkənin digər klubu “Nitsa”da başlayıb. O, “Anje”, “Ayaçço”, “Şatoru” kimi klublarda da oynadıqdan sonra 2018-ci ildə İngiltərənin “Brentford” klubuna keçib. Elə bu klubdakı çıxışı sayəsində o, 2020-ci ildə “Vest Hem”ə cəlb olunub. Əlcəzairdən olan 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Premyer Liqa klubunun heyətində meydana çıxdığı 155 oyunda 24 qol vurub, 19 assist edib. Benrahma 2015-ci ilin oktyabrında debüt etdiyi Əlcəzair yığmasında da 21 oyun keçirib, 1 qol vurub.

Manqala isə İngiltərənin digər klubu “Nottingem Forest”dən satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. Fransa klubu 25 yaşlı mərkəz yarımmüdafiəçisinin yarım mövsümlük icarəsi üçün 11,7 milyon avrosundan keçib. Mövsümün sonunda futbolçunun transfer hüquqlarının alınması üçün əlavə 17,5 milyon avro da ödəniləcəyi açıqlanıb. Manqala yeni komandasında 25 nömrəli forma altında çıxış edəcək.

Orel Manqala Belçikanın “Anderlext” klubunun yetirməsidir. Əslən Konqodan olan 25 yaşlı futbolçu sonralar Dortmund “Borussiya”sında, “Ştutqart”da, “Hamburq”da çıxış edib. O, 2022-ci ildən formasını geyindiyi “Nottingem Forest”də 53 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. Manqala 2022-ci ilin mart ayında debüt etdiyi Belçika yığmasında 12 oyuna çıxıb.

Lion “Olimpik”i öz yarımmüdafiəçisini də icarəyə verdi

“Olimpik” mərkəz yarımmüdafiəçisi Skelli Alveronu da Almaniyanın “Verder” klubuna icarəyə verib. Əslən Anqoladan olan 21 yaşlı fransalı yarımmüdafiəçinin yarım mövsümlük icarə üçün Bundesliqa təmsilçisi 250 min avro ödəyəcək. Mövsümün sonunda futbolçunun birdəfəlik transferi isə Lion klubuna 6 milyon avro qazandıra bilər.

Skelli Alvero “Soşo”nun yetirməsidir. O, Lion “Olimpik”inə 2023-cü ildə qoşulub və bu klubun əsas komandasında 8 oyuna cəmi 1 qol vurub.

Yeri gəlmişkən, “Verder” də əslən Anqoladan olan sol cinah vingeri Abdeneqo Nankişini “1860 Munhen” klubuna icarəyə verib. 21 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

“Verder”in öz yetirməsi olan Nankişi bu klubun əsas komandasında cəmi 7 matça çıxıb. O, daha öncə Niderlandın “Herakles Almelo” klubunda da icarədə olub. Gənc vinger Almaniyanın U-17, U-19 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: