Qurban Qurbanov: “Braqa” favoritdir, amma bununla barışmırıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-offunda “Braqa”ya qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu gün Portuqaliyada baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizi çətin oyun gözləyir. Ciddi rəqibə qarşı oynayacağıq. Bugünkü hazırlığımız pis keçmədi. Son illərin ən sürətli, dinamik futbol oynayan komandası ilə qarşılaşacağıq. Futbolçularımın hazırlığı yaxşı səviyyədədir. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik. İstəkliyik. Rəqibə böyük dəyər veririk. İnanırıq ki, bu komandaya qarşı yaxşı, maraqlı futbol oynamağı bacaracağıq.

Avropada futbol sürətlə inkişaf edir, böyük sərmayələr qoyulur, iş gedir. Bu futbolçular illərlə eyni sürətdə oynayırlar. Bu cür komandalar üçün belə turnirlərdə oynamaq daha asandır. Amma bizim də təcrübəmiz az deyil. Əlimizə düşən şanslardan yararlanmağa çalışacağıq. Bəzən təcrübə alınır, düşündüklərin yox. Klub, ölkə futbolu olaraq səviyyə fərqi çoxdur. Bunları düşünməyərək, oyuna yaxşı fonda hazırlaşmağa çalışırıq”.

Qurban Qurbanov Portuqaliya təmsilçisinin son dövrlərdə enişdə olduğuna dair fikirlərə də münasibətini açıqlayıb:

“Bir komanda bütün ilboyu eyni səviyyədə ola bilməz. Çünki qarşısında daima onları təhlil edən komandalar olur. Son oyunlarda bizim də problemlərimiz olub. Lakin o demək deyil ki, sabah bunlar təkrarlanacaq. Eyni sözlər “Braqa”ya da aiddir. Heç nəyə aldanmalı deyilik, real olmalıyıq. “Braqa”nı necə tanıyırıq, onların hansı keyfiyyətləri varsa, düzgün yanaşmalıyıq. Arxayınlıq olsa, bizim üçün böyük problem ola bilər. Rəqibimiz istəklidir. Baş məşqçilərinin də açıqlamalarına baxdım, oyuna ciddi yanaşır, bizə dəyər verirlər. Bunlar qarşılıqlıdır. Onların “Sportinq”ə böyük hesablı məğlubiyyəti unutdurmaq şansları var. Bundan istifadə etməyə çalışacaqlar. Statistikanı düşünmürük. Əsl “Braqa”nı fikirləşərək, meydana çıxmalıyıq. Üstünlük “Braqa”dadır. Amma bununla barışmırıq və meydanda işimizi görməyə çalışacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: