“Qarabağ” “Braqa” ilə tarixi oyuna çıxır

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasında tarixi matça – pley-off mərhələsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, avrokubokların 2023/2024 mövsümündə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Avroliqanın 1/8 finalına vəsiqə uğrunda Portuqaliya “Braqa”sı ilə üz-üzə gələcək.

Qurban Qurbanovun çalışdırdığı kollektiv bu rəqibə qarşı ilk oyununu səfərdə keçirəcək. Bu matç Azərbaycan tarixinə Avropa Liqasındakı ilk pley-off matçı kimi düşəcək.

Tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” uğurunun davamını gətirmək üçün “Braqa” səddini adlamalıdır. Son iki mövsümdə avrokubokların yaz fəslinə qalan, amma mərhələ adlaya bilməyən komandamız bu çətin işin öhdəsindən gələ bilsə, növbəti tarixi ilklərə imza atmış olacaq.

“Braqa” Portuqaliya çempionatında 21 turdan sonra 40 xalla 4-cü pillədə qərarlaşıb və lider “Benfika”dan 12 xal geri qalır. 12 qələbə qazanmış komanda 4 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. 44 qol vurmuş braqalılar 32 topa üzülüblər. Ağdam klubu isə bu baxımdan rəqibindən daha inamlı təsir bağışlayır. Portuqaliya və Azərbaycan çempionatları arasındakı səviyyə fərqi böyük olsa da, hər halda Ağdam təmsilçisi cari mövsümdə 22 oyuna topladığı 51 xalla vahid liderdir və ən yaxın izləyicisini 15 xal qabaqlayır.

1/8 finala vəsiqə qazanmaq iddiasında olan “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq. Təmsilçimizin “Braqa” ilə görüşü eyni adlı şəhərdə baş tutacaq. Bu komandalar arasında cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

Avropa Liqası
Pley-offun ilk oyunu
15 fevral

00:00. “Braqa” – “Qarabağ”
Baş hakim: Morten Knoq (Danimarka).
Braqa. “Estadio Munisipal”.

Xəbəri sosial şəbəkələrdə paylaş: