Kristiano Ronaldo ÇL-də qol vurdu, Lionel Messi ilə bərabərləşdi

Asiya Çempionlar Liqasının 1/8 finalının ilk oyunu “Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Kristiano Ronaldo “Əl-Nəsr”in səfərdə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Feyha”ya qarşı keçirdiyi oyunda qələbə qolunun müəllifi olub.

Ronlado 81-ci dəqiqədə qələbə qolunu vurub və cavab oyununa komandasına cüzi üstünlük qazandırıb – 1:0.

“MessivsRonaldo” dərgisinin məlumatına görə, Ronaldonun bu qolu portuqal ulduzun penaltilərdən vurduğu qollar istisna olmaqla, karyerasında 713-cü qolu olub. Beləliklə “Kriş” bu göstəricidə “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi ilə bərabərləşib.

Kristiano 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal hücumçu ərəb komandasının düşərgəsinə 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 25 qol vurub, 11 məhsuldar ötürmə verib.

Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib. “Kriş” bu oyunlarda 128 qola imza atıb və 46 məhsuldar ötürmə verib.

Kristiano Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: