Fevralın 14-də “Bayern” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Latsio”ya gözlənilmədən məğlub olub – 0:1.
Arena.az məlumat verir ki, Almaniya nəhənginin bu məğlubiyyəti maraqlı statistika ilə tarixə keçib:
- Əvvəla, “Bayern” Çempionlar Liqasının cari mövsümündə ilk məğlubiyyətini alıb;
- İkincisi, “Bayern” Çempionlar Liqasının 1/8 finalı mərhələsində son 5 ildə ilk məğlubiyyətini yaşayıb. O vaxt Çempionlar Liqasının 2018/2019 mövsümünün 1/8 finalı çərçivəsində “Bayern” cavab oyununda “Liverpul”a 1:3 hesabı ilə uduzaraq yarışı tərk etmişdi (ilk oyun: 0:0). Bundan sonra Almaniya nəhəngi Çempionlar Liqasının 1/8 final mərhələlərini məğlubiyyətsiz keçib. “Bayern” 2019/2020 mövsümündə “Çelsi”ni (3:0, 4:1), 2020/2021 mövsümündə “Latsio”nu (4:1, 2:1), 2021/2022 mövsümündə “Zalsburq”u (1:1, 7:1) və 2022/2023 mövsümündə PSJ-ni (1:0, 2:0) mübarizədən kənarlaşdırıb;
- Üçüncüsü, “Bayern” 2011-ci ildən bəri Çempionlar Liqasında ilk dəfə İtaliya klubuna məğlub olub. O vaxt Çempionlar Liqasının 2010/2011 mövsümünün 1/8 finalında “Bayern” səfərdə “İnter”ə 1:0 hesabı ilə qalib gəlsə də, evdə 2:3 hesabı ilə məğlub olaraq, səfər qolu qaydasına görə mübarizəsini dayandırmışdı;
- Dördüncüsü, “Bayern” Çempionlar Liqasında “Latsio”ya ilk dəfə olaraq məğlub olub. Buna qədər komandalar Çempionlar Liqasının 2020/2021 mövsümünün 1/8 finalında qarşılaşmışdılar və Almaniya nəhəngi hər iki oyunda qalib gəlmişdi (4:1, 2:1).
Əlavə edək ki, “Latsio” ələmə mərhələsində “Bayern”i məğlub etməklə, 2000-ci ildən bəri Çempionlar Liqasının ələmə mərhələsində ilk qələbəsini qazanmış olub. O vaxt Roma klubu Çempionlar Liqasının 1999/2000 mövümündə 1/4 final mərhələsinin cavab oyununda “Valensiya”ya qalib gəlmişdi – 1:0. Buna rəğmən, ilk oyunda 2:5 hesabı ilə məğlub olmuş “qartallar” mübarizələrini dayandırmışdılar.
Vurğulayaq ki, “Bayern” oyun ərzində “qartallar”ın qapısına 17 zərbə endirsə də, hədəfi dəqiq vura bilməyib.
Xatırladaq ki, komandalar arasında cavab oyunu martın 5-də Münhenin “Alyans Arena”sında baş tutacaq. Qalib Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanacaq.


