Joze Mourinyo “Roma” rəhbərliyini sərt tənqid etdi

“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo yanvarın ortalarında “Roma”dan qovulmasından sonra “canavarlar”ın rəhbərliyini tənqid edib.

Arena.az jurnalist Əkrəm Konura istinadən məlumat verir ki, portuqal mütəxəssis Avropa Liqasının cari mövsümündə qalibiyyət uğrunda mübarizədə “Roma”ya kömək edə biləcəyinə inanırmış:

“Mən Avropa Liqasının ələmə mərhələsində təkcə “Roma”dan qovulduğum üçün deyil, ilk növbədə futbolu ümumiyyətlə başa düşməyən insanlar tərəfindən qovulduğum üçün iştirak etmirəm”, deyə “Mour” bildirib.

Xatırladaq ki, yanvarın 16-da Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb.

“Mour”un yerinə klubun əfsanəsi, italyan mütəxəssis Daniele De Rossi “canavarlar”a baş məşqçi təyin edilib.

Portuqal mütəxəssis “Roma”nın sükanı arxasına 2021-ci ilin iyulunda gətirilmişdi. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər idi.

“Canavarlar”a rəhbərliyi müddətində Mourinyo “Roma”nı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.

“Mour”un “Roma”a ilə ümumi statistikası belədir: 138 oyun, 68 qələbə, 30 heç-heçə, 40 məğlubiyyət. “Mour”un rəhəbərliyi altında “canavarlar”ın top fərqi isə 215:147 nisbətindədir.

Joze Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: