“Roma”nın sabiq baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo İtaliya təmsilçisinin düşərgəsindən qovulması ilə bağlı fikirlərini paylaşıb.
Arena.az məşhur italyan jurnalist Fabrizio Romanoya istinadən, Mourinyonun bu barədə fikirlərini təqdim edir:
“Roma”dan qovulmağım məni ən çox incidən məqamlardan biridir. Mən bu kluba hər şeyimi vermişəm. Bu üç il ərzində tarixinin ən yaxşı komandası olan Portuqaliya yığmasının baş məşqçisi olmaqdan imtina etdim! Səudiyyə Ərəbistanından da böyük təklifim vardı”, deyə “Mour” İtaliya klubu haqda təəssüflə bildirib.
Vurğulayaq ki, Mourinyonun “Roma”da rəhbərliklə yanaşı, bəzi aparıcı futbolçulardan da narazı ayrıldığı barədə iddialar var.
Xatırladaq ki, yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu Daniele De Rossi təyin edilib. Hazırda portuqal mütəxəssis işsizdir.
Mourinyonun adı hazırda “Barselona” və “Bayern” də daxil olmaqla bir neçə klubla əlaqələndirilir.
“Canavarlar”a rəhbərliyi müddətində Mourinyo “Roma”nı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.
Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.
Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.


