“Braqa”nın müdafiəçisi Joze Fonte Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçından danışıb.
Arena.az xəbər verir ki, 40 yaşlı portuqal futbolçu doğma meydanda keçirilmiş ilk görüşdə qeydə alınan 2:4 hesablı məğlubiyyətə baxmayaraq, Azərbaycanda baş tutacaq cavab görüşündə uğur qazanacaqlarına inandığını bəyan edib:
“Mənfi nəticələrdən sonra azarkeşlərə sevinc bəxş etmək istəyirik. Aydındır ki, heç kim uduzmağı sevmir. “Braqa” da həmişə qalib gəlmək istəyir. Bu, həmişə mümkün olmur. Lakin azarkeşlərimiz bizə güvənirlər və onlara sevinc bəxş etmək üçün qələbə qazanmalıyıq.
“Qarabağ”la ilk matçda pis oynadıq. Bizim çox mürəkkəb vəzifəmiz var. Amma həqiqətən inanırıq ki, biz Bakıda qalib gələ və 1/8 finala vəsiqə qazana bilərik. Gəlin buna hazırlaşaq”, deyə Joze Fonte yerli mətbuata açıqlamasında bildirib.
“Braqa”nın yeni transferlərindən olan Şer Ndur da “Qarabağ”la matçdan gözləntilərini açıqlayıb. Müqavilə ilə Fransa çempionu PSJ-yə məxsus olan və icarə əsasında Portuqaliya klubunda çıxış edən italiyalı yarımmüdafiəçi bunları söyləyib:
“İndi məşq etmək və “Qarabağ”la oyuna hazırlaşmaq vaxtıdır. Biz hər şeyi xeyrimizə çevirmək və növbəti mərhələyə keçmək üçün lazım olan hər şeyə sahibik. Qələbə ruhunu qaytarmaq vacib idi. Biz hamımız sona qədər birlikdə əziyyət çəkdik və bu belə də davam edəcək”.
Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı cavab görüşü fevralın 22-də Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək. Ümumi hesabda qalib olan tərəf Avroliqanın 1/8 final mərhələsinə vəsiqə qazanacaq.


