Türkiyənin “Rizəspor” klubunun hücumameyilli yarımmüdafiəçisi Dal Vareşanoviç bir müddət komandasına kömək edə bilməyəcək.
Arena.az xəbər verir ki, buna Bosniya və Herseqovina yığmasının da üzvü olan 22 yaşlı futbolçunun aldığı ağır zədə səbəb olub.
Belə ki, yarımmüdafiəçi Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində baş tutan “Samsunspor”la səfər matçının ikinci hissəsində sifətindən ağır xəsarət almış və 60-cı dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. Artıq ətraflı müayinələrdən keçirilmiş futbolçunun almacıq sümüyünün qırıldığı məlum olub.
“Rizəspor”un vitse-prezidenti Hasan Türüt jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında Vareşanoviçin bir müddət qoruyucu maska ilə məşq edəcəyini açıqlayıb. O, bir neçə oyuna da maska ilə çıxmaq məcburiyyətində qalacaq. Legioner oyunçunun təxminən 2 aya tam sağalması gözlənilir.
Hasan Türüt komandanın uzun müddətdir zədədən əziyyət çəkən finlandiyalı legioneri Yanne-Pekka Laynenin də durumuna aydınlıq gətirib. O, bu ilin əvvəlində (11 yanvar) əməliyyat olunmuş mərkəz yarımmüdafiəçisinin bərpa prosesinin davam etdirildiyini söyləyib. Klub rəsmisinin sözlərinə görə, Laynenin təxminən 6 həftəyə sıraya dönməsi planlaşıdırılır.
Xatırladaq ki, Dal Vareşanoviç bu mövsümün əvvəlindən “Rizəspor”un formasını geyinir. 22 yaşlı futbolçu bu komandanın heyətində bütövlükdə 26 oyuna çıxıb, 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Yanne-Pekka Layne də 2023-cü ilin sentyabr ayından “Rizəspor”un uğurları üçün çalışır. 23 yaşlı futbolçu Super Liqa təmsilçisində cəmi 5 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bahar Rüstəmzadə


