Şahin Bağırov Belqradda Aleksandar Boriçiçlə görüşdü

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Serbiyanın paytaxtı Belqrad şəhərində işgüzar səfərdədir.

Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov bu gün Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbəri Aleksandar Boriçiçlə görüşüb. Belqrad şəhərində baş tutan görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, CEV-in vitse-prezidenti Renato Arena və digər rəsmilər də iştirak ediblər.

Görüş zamanı ölkəmizdə aşağı yaş qruplarında voleybolçuların yetişdirilməsi üzrə akademiyanın yaradılması ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi qeyd olunub. Bu məsələ ilə bağlı Beynəlxalq Voleybol Federasiyası ilə də danışıqlar aparılması tövsiyə edilib.

Görüşdə əcnəbi məşqçilərin Azərbaycanda müxtəlif seminarlar keçməsi və burada uzunmüddətli çalışması məsələsinə də baxılıb. Danışıqlar zamanı federasiya nümayəndələrinin CEV-ə ezam olunaraq qurumun təcrübəsinin öyrənilməsi, AVF-nin starateji planı və digər əməkdaşlıq məsələləri də müzakirə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: