Bu ilin yanvarında “Sevilya”dan “Əl-Şabab”a qoşulmuş yarımmüdafiəçi İvan Rakitiç Səudiyyə Ərəbistanı çempionatı barədə fikirlərini paylaşıb.
Arena.az xorvat futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Burada olmaqdan çox şadam və gözləntilərim artıq aşıldı. Həmişə idmanda, futbolda böyük uğurlar əldə etmək istəmişəm. Düşünürəm ki, əcnəbilər bu liqanın inkişafı üçün çox şey edə bilərlər. Biz öz işimizə son dərəcə əminik və şəxsən mən əminəm ki, bizi müsbət nəticə gözləyir”.
Xatırladaq ki, “Əl-Şabab” Rakitiçlə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Xorvat futbolçu yeni klubunda artıq 2 oyuna çıxıb və 1 qol da vurub.
Rakitiç “Bazel”in yetirməsidir. Xorvat futbolçu karyerası ərzində “Şalke”, “Sevilya” və “Barselona”da oynayıb.
Rakitiçin qənimətlər muzeyində “Bazel”lə qazandığı İsveçrə Kuboku və “Şalke” ilə qazandığı Almaniya Kuboku ilə yanaşı, “Barselona” və “Sevilya” ilə qazandığı çoxsaylı qənimətlər var. Rakitiç “Sevilya” ilə Avropa Liqasının ikiqat qalibi olub. “Barselona” ilə isə İspaniya La Liqasını (4 dəfə), İspaniya Kral Kubokunu (4 dəfə), İspaniya Super Kubokunu (2 dəfə), Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Həmçinin Rakitiç 2015-ci ildə Xorvatiyada ilin futbolçusu seçilib.
Rakitiç karyerasının ilk dövrlərində İsveçrənin U-16, U-17, U-19 və U-21 komandalarında oynayıb. Amma sonradan xorvat futbolçu seçimini tarixi vətəninin xeyrinə edib: Xorvatiyanın U-21, ardınca isə əsas yığmasında çıxış edib.
İvan Rakitiç 2007-ci ilin sentyabrında debüt etdiyi Xorvatiya yığmasının heyətində 106 oyun keçirib, 15 qol vurub, 16 məhsuldar öyürmə verib.
“Transfermarkt” internet-portalı 35 yaşlı xorvat müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


