Siyasət Əsgərov: “Qrupda ilk pillələrdə yer almağa çalışacağıq”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AÇ-2025-in püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, o, AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Avropa çempionatının seçmə mərhələsində İsveçrə, Macarıstan və Türkiyə yığmaları ilə qarşılaşacağıq. İsveçrə ilə Macarıstan uzun illərdir ki, qadın futbolunda inkişaf yolundadır. Bu komandalar artıq neçə ildir ki, B liqasının yuxarı yerlərində qərarlaşırlar. Millimiz və Türkiyə yığmasına gəlincə, ilk dəfədir ki, B liqasına yüksəldik və birinci dəfədir ki, bu liqada bir-birimizə rəqib olduq. İsveçrə və Macarıstan bizim üçün yeni komandalardır. Çünki indiyədək bu yığmalarla bir qrupa düşməmişdik. Lakin Türkiyə yığması mənə tanışdır. Bu ölkənin “Fomget” klubunda çalışdığım üçün deyə bilərəm ki, futbolçuları da fərdi olaraq tanıyıram. Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq”.

Xatırladaq ki, AÇ-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: