Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer” klubunun çalışdırıcısı Xabi Alonso ilə görüşüb.
Arena.az xəbər verir ki, görüş “Bayer” klubunun Bakıya səfərindən qısa müddət sonra komandanın qaldığı “Hilton” otelində baş tutub.
Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. Baş məşqçi “Bayer”in Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib. Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib. Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspan mütəxəssis də “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb. Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub.
Görüşün sonunda Qurban Qurbanov Xabi Alonsoya “Azərxalça” tərəfindən xüsusi hazırlanmış əl işi olan ipək “Qarabağ” xalçası hədiyyə edib. Mütəxəssislər xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçına bu gün saat 21:45-də start veriləcək.
Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə bir həftə sonra – martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.
Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi 1/8 finala, Azərbaycan çempionu isə qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb.



