Məhəmməd Salah Misir yığmasının oyunlarını buraxacaq

“Liverpul”un hücumçusu Məhəmməd Salah martın sonunda beynəlxalq fasilə zamanı Misir yığmasının düşərgəsinə yollanmayacaq.

Arena.az xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyası (EFA) məlumat yayıb.

Xəbərdə bildirilir ki, Salah qarşıdakı yoldaşlıq oyunlarından ibarət turnir üçün müəyyənləşdirilmiş heyətdən kənarlaşdırılıb.

Daha əvvəl EFA “Liverpul”un kapitanını 22 martda baş tutacaq Yeni Zelandiya və ardınca Tunis və ya Xorvatiya kollektivləri ilə qarşılaşacağı Əbu-Dabidəki turnirdən azad etmək tələbini rədd etmişdi. Amma tərəflər arasındakı növbəti danışıqlar nəticəsində razılıq əldə etmək mümkün olub.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi üçün 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 30 oyuna 19 qol vurub, 10 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 334 oyun, 205 qol, 89 məhsuldar ötürmə.

Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub. O, “Liverpul” və “Roma”dan başqa, “Bazel”, “Fiorentina”, “Çelsi”, “Əl-Mukavilun” kimi klubların da formasını geyinib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 96 oyun keçirib, 54 qol vurub, 32 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı misirli vingerin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: