Xabi Alonso: “Qarabağ”dan qorxmuram, hörmət edirəm”

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçından danışıb.

Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu gün Almaniyada baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”la cavab matçı asan olmayacaq. Amma optimistik. Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərmək niyyətindəyik. Əlimizdən gələni edəcəyik. Sabah da yüksək performans göstərməyə çalışacağıq. Qarşıda bizi çox oyunlar gözləyir. Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, biz qalib gələcəyik. Hər bir görüşə diqqət etməliyik”.

Leverkuzen təmsilçisinin çalışdırıcısı əvvəlki qarşılaşmalar barədə də danışıb: “Bu rəqibə qrup mərhələsindəki hər iki oyunda qalib gəlmişdik. Son matçın ilk hissəsində problemlər yaşadıq. Artıq qrup mərhələsində deyilik. Əlbəttə, onlar da mübarizə aparacaqlar. Biz sabahkı matça yaxşı köklənməliyik. Rəqibdən qorxmuram, hörmət edirəm. Öz dinamikamıza inanırıq. Amma qorxmuruq”.

Xabi Alonso psixoloji durumun önəmini də vurğulayıb: “Bunun xüsusi qarşılaşma olduğunu bilirik. Qalib gəlmək niyyətindəyik. Amma hər şeyə hazır olmalıyıq. Bu, oyundur. Matçda əhval-ruhiyyə də böyük rol oynayacaq”.

İspan məçqçi “Volfsburq”u 2:0 hesabı ilə məğlub etdikləri Bundesliqa matçındakı kimi oynamayacaqlarını sözlərinə əlavə edib: “Mart, aprel və mayda bizi sıx qrafiq gözləyir. Üç turnirdə mübarizə aparacağıq. Düşünürük ki, heyətimiz yaxşıdır və bütün oyunçularımız hazırdır”.

“Qarabağ” ilk oyunda bizə çətinlik yaşada bildi”

“Bayer”in müdafiəçisi Yosip Stanişiç də oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında iştirak edib. 23 yaşlı futbolçu bütün turnirlərdə maksimum nəticəyə kökləndiklərini deyib:

“Əlbəttə, bilirik ki, sabah nəsə düz getməsə, şansımızı itirəcəyik. Ümid edirik ki, hər şey yaxşı olacaq. Oyuna olduqca yaxşı hazırlaşmışıq. Əvvəlki matçlarda bir o qədər şans qazanmamışdım. Komandaya öyrəşmək lazımdır. Bu, hər bir futbolçuda baş verir. Ona görə də belə bir heyətdə bu cür situasiya normaldır. Mənim üçün hər bir yarış önəmlidir. Hər bir turnirdə yaxşı performans göstərməyə çalışıram. Komanda şəklində bütün turnirlərdə maksimum nəticə qazanmağa çalışırıq. Ümumilikdə yaxşı performans nümayiş etdirməliyik. Bu vaxta qədər çox yaxşı çıxış etmişik”.

Stanişiç “Qarabağ”ın gücünü xüsusilə vurğulayıb: “Rəqiblərimizin zəif olduğunu heç vaxt düşünmürük. İlk matç bizim üçün olduqca çətin keçdi. “Qarabağ” bizə çətinlik yaşada bildi. Onlar xüsusilə ilk hissədə güclü olan tərəf idilər. Sabahkı matçda qələbə üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, sabah Leverkuzendəki “BayArena”da baş tutacaq cavab qarşılaşmasına sabah saat 00:00-da start veriləcək. Bakıdakı ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2.

Xəbəri sosial şəbəkələrdə paylaş: