Leverkuzen “Bayer”inin alman hücumameylli yarımmüdafiəçisi Florian Virts 2024-cü ilin fevral ayında Bundesliqanın ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə Bundesliqanın rəsmi saytına istinadən məlumat verir.
Fevral ayında Virts Bundesliqa çərçivəsində meydana çıxdığı 4 oyunda 3 məhsuldar ötürmə müəllifi olub.
Mükafat uğrunda mübarizədə Virts komanda yoldaşları Alexandro Qrimaldo və Jeremi Frimponqu, eləcə də Kevin Ştöger (“Boxum”), Harri Keyn (“Bayern”) və Xavi Simons (“Leypsiq”) kimi futbolçuları qabaqlayıb.
Vurğulayaq ki, bu, cari mövsümdə Virtsin Bundesliqada üçüncü müvafiq mükafatıdır. Florian 2023-cü ilin oktyabr və dekabr aylarında və da oxşar mükafata layiq görülmüşdü.
Bu mövsümün digər qaliblərinə gəlincə, avqustda Viktor Bonifase (“Bayer”), sentyabrda Seri Girassi (“Ştutqart”), noyabrda və yanvarda Deniz Undav (“Ştutqart”) mükafat alıblar.
Xatırladaq ki, Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsemdə Virts “əczaçılar”ın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 10 qol vurub, 17 məhsuldar ötürmə verib. O, bu komandada bütövlükdə 138 oyun keçirib, 33 qol vurub, 47 məhsuldar ötürmə müəllifi olub.
Florian Virts 2021-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 14 oyuna çıxıb, 4 məhsuldar ötürmə verib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı alman hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


