Pol Poqba: “Tanrının göndərdiyi sınaqlar qaçılmazdır”

“Yuventus”un fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba yaşadığı çətinliklər mənzərəsində təsirli, ruhlandırıcı yazı paylaşıb.

Arena.az məlumat verir ki, Poqba yazısını özünün sosial şəbəkə hesablarından biri üzərindən dərc edib:

“Mən heç vaxt bu il olduğu qədər çox şey öyrənməmişəm və yetkinləşməmişəm. Tanrının göndərdiyi sınaqlar qaçılmazdır və yalnız pisləri görmək asandır, amma nə olursa olsun, xoşbəxt anlar axtarmaq gərəkdir. Bütün yaxşı, pis və çətin günlər üçün tanrıya həmd olsun”, – fransalı futbolçu yazıb.

Xatırladaq ki, Poqba dopinq qəbul etdiyinə görə 4 illik müddətə diskvalifikasiya edilib. Bu, 30 yaşlı futbolçunun karyerasını təhlükə altına alır.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Poqba geridə qalmış 2022/2023 mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pobqa “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: