“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 27-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Tovuzda olmaq mənim üçün həmişə xoşdur. Çox xoş qarşılandığımız üçün hər bir azarkeşə təşəkkür edirəm. “Turan Tovuz”a uğurlar arzulayıram. Bizim üçün vacib oyun idi. Həmişə istəmişəm ki, ağır səfərlərdən sonra futbolçularım belə matçlarda xarakter göstərsinlər. Komanda toparlandı. Matçın əvvəlində bir az gərginlik yaşandı. Futbolçular oyunu ələ ala bildilər və sonda yaxşı qalibiyyət qazandıq. Oyunçularıma təşəkkür edirəm. Çox sıx qrafikdə idik. Buna dözmək çox vacib idi. Çünki buna peşəkarlıq lazımdır. Futbolçularda bunu gördüm. Öz azarkeşlərimizə də təşəkkür edirəm”.
Baş məşqçi milli komandaların oyunları ilə əlaqədar fasilə üçün planları açıqlayıb: “Motivasiya ilə bağlı problemimiz olmayacaq. Daha yaxşı olmaq üçün hazırlaşmalıyıq. Fasilə dövründə milli oyunçuları istirahət edə bilməyəcək. Digərlərinə bərpa üçün vaxt verəcəyik. Daha çox çalışacağıq. Futbolçulara dörd gün istirahət verəcəyik. Yoxlama oyununun keçirilməsi gözlənilmir. Ola bilər ki, öz əvəzedici heyətimizlə qarşılaşaq”.
Qurban Qurbanov “Qarabağ”ın lider olduğu Premyer Liqada böyük fərqlə öndə qərarlaşmasına da münasibət bildirib: “Bunu normal qarşılayıram. Avropanın çox ölkələrində böyük xal fərqi olub. Bu mövsüm oyunumuz daha uğurlu alındı. Ona görə də belə xal fərqi yaranıb. Hər il belə olacağımız demək deyil. Daha yaxşı olduğumuz illərdə 3-4 tur qalmış çempionluq təmin edilib”.
Ayxan Abbasov: “Çempionat onun üçün başa çatıb”
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə komandasının 1:3 hesablı məğlubiyyətinə belə şərh verib:
“Bu gün stadionda möhtəşəm atmosfer var idi. “Qarabağ”ın Tovuza gəlişini hiss etdik. Çoxdandır evdə uduzmurduq. Bu seriyanı davam etdirmək istəyirdik. Amma güclü komandaya qarşı oynayırdıq. Otto Con ikinci qolu vursaydı, oyunun axarı başqa cür ola bilərdi. Futbolçuların göstərdiyi performans alqışalayiqdir. Bu tempi saxlamalıyıq. Ümid edirəm ki, fasilədə zədəli oyunçularımız qayıdacaq”.
Ayxan Abbasov komandadakı itkilərdən də danışıb: “Bütün futbolçuların yeri görünürdü. Amma onların yerində oynayanlar çalışdılar. Paçunun yoxluğu neçə oyundur bizə təsir edir. Bütün futbolçular bizim üçün dəyərlidir. Hamı sağlam olanda bizim üçün daha rahat olur. Rəqibə görə heyət qururuq. Heyət geniş olmalıdır. Xəyal Nəcəfovu qışdan sonra hər dəfə əsas heyətdə oynatmaq istəyəndə zədələnir. Bu gün pis təsir bağışlamadı. Veysəl Rzayevin burnu sınıb. Yəqin ki, çempionat onun üçün başa çatıb”.


