Futbol üzrə İtaliya çempionatının (A Seriyası) 29-cu turunun bu gün keçirilməli olan “Atalanta” – “Fiorentina” oyunu təxirə salınıb.
Arena.az xəbər verir ki, buna “Fiorentina”nın prezidenti Joe Baronenin halının pisləşməsi səbəb olub.
Belə ki, qarşılaşmaya bir neçə saat qalmış komandanın məskunlaşdığı oteldə olan Joe Baronenin halı pisləşib. Ürəyində problem olan klub rəhbəri dərhal xəstəxanaya çatdırılıb. Florensiya klubunun yaydığı son açıqlamaya görə, Baronenin durumu kritik olsa, həkimlərin nəzarəti altındadır.
Klub rəhbərinin bu vəziyyətlə üzləşməsi “Fiorentina”nın bugünkü matçının təxirə salınmasına səbəb olub. Qarşılaşmanın nə vaxt keçiriləcəyi daha sonra qərar veriləcək.
Xatırladaq ki, hazırda “Atalanta” A Seriyasının turnir cədvəlində 47 xalla 6-cı, “Fiorentina” 43 xalla 9-cudur. A Seriyasına 76 xalla “İnter” liderlik edir.
Bahar Rüstəmzadə



