Rüfət Dadaşov 6 ay futbol oynamaya bilər

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu, Almaniyanın “Dinamo” (Berlin) klubunda çıxış edən Rüfət Dadaşov 6 ay futbolsuz qala bilər.

Arena.az xəbər verir ki, bu barədə “berliner-kurier.de” saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, azərbaycanlı hücumçu son məşqlərin birində ciddi zədə alıb. Komanda yoldaşı ilə toqquşan 32 yaşlı forvardın dizi burxulub. İlkin diaqnoza görə, dizində çat əmələ gələn azərbaycanlı futbolçu təxminən yarım il yaşıl meydanlardan kənarda qalacaq. Lakin yekun rəy MRT-dən sonra veriləcək.

Xatırladaq ki, Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” komandası Almaniya Regional Liqasında mübarizə aparır. Futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasında 27-ci turdan sonra 53 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Berlin təmsilçisi liderdən cəmi 3 xal geri qalır.

Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 25 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: