“Neftçi”dən antirekord – Son 15 mövsümün rekordu qeydə alındı

Aprelin 2-də doğma meydanda “Qarabağ”la qarşılaşan “Neftçi” Azərbaycan Kubokunda ən böyükhesablı məğlubiyyətini alıb.

Arena.az xəbər verir ki, bu, 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk matçına təsadüf edib.

Bakılılar buna qədər kubokda yalnız bir dəfə böyük hesabla uduzmuşdular. 2009/2010 mövsümündə “ağ-qaralar” “İnter”ə 0:3 hesabı ilə məğlub olmuşdular.

“Neftçi” 14 mövsümdən sonra aldığı böyükhesablı məğlubiyyətlə yenə ev matçında üzləşib. Amma bu dəfə üç deyil, dörd top fərqlə uduzan paytaxt təmsilçisi antirekorda üzülüb.

Yeri gəlmişkən, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında 7 qol vurulub. “Neftçi” – “Qarabağ” matçında (0:4) dörd, “Zirə” – “Qəbələ” görüşündə (2:1) üç qol vurulub.

Bu, son 15 mövsüm üçün yarımfinalın ən yüksək məhsuldarlığıdır. Daha çox qola 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt yarımfinalın ilk qarşılaşmalarında 8 qol qeydə alınıb. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: