Roberto De Zerbi gələcəyi ilə bağlı sualı cavabladı

“Brayton”un baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasında mübarizə aparan bu klubdakı gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az italyan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Gələcəyimlə bağlı hələ qərar verməmişəm. Mənim cari müqaviləm var, amma onların planını başa düşmək üçün klubun sahibi Toni Blum və klub rəhbərliyi ilə danışmaq istərdim. Sonra birlikdə qərar verəcəyik”, deyə De Zerbi məlumatlandırıb.

Xatırladaq ki, 44 yaşlı italyan mütəxəssis “Brayton”u 2022-ci ilin sentyabr ayından çalışdırır. De Zerbinin “qağayılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Zerbinin “qağayılar”ı İngiltərə Premyer Liqasında keçirdikləri 30 oyundan 43 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıblar.

De Zerbi “Brayton”u bu mövsüm Avropa Liqasının 1/8 finalına qədər daşıya bilib. Burada isə “Roma” “qağayılar”ı ümumi hesabda 4:1 hesabı ilə məğlub ediblər (səfərdə – 0:4, evdə – 1:0).

Roberto De Zerbi “Brayton”u bütövlükdə 81 oyuna çıxarıb. Komanda bu oyunlarda 37 qələbə qazanıb, 18 heç-heçə edib və 26 məğlubiyyətə üzülüb.

İtalyan mütəxəssis “Brayton”dan öncə Donetsk “Şaxtyor”unda, həmçinin İtaliyanın “Sassuolo”, “Benevento”, “Palermo”, “Focca” və “Darfo Boario” kimi klublarında da baş məşqçi kimi çalışıb.

De Zerbinin “Brayton”dakı uğurlu fəaliyyəti Avropanın bir sıra nəhəng klublarının ona olan marağını artırıb. Hazırda italyan məşqçiyə əsas iddiaçı “Liverpul”dur. Premyer Liqa nəhəngi mövsüm bitəndən sonra komandanı tərk edəcək Yurgen Klopu məhz De Zebri ilə əvəz etməyə hazırlaşır.

Xəbəri sosial şəbəkələrdə paylaş: