Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubunun mərkəz müdafiəçisi, 24 yaşlı Lyuk Flers güllələnərək öldürülüb.
Arena.az bu barədə “Kayzer Çifs”in mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yanacaqdoldurma məntəqəsində cinayətkarlar futbolçunun avtomobilini oğurlamağa cəhd edərkən baş verib. Quldurlar odlu silahdan atəş açaraq futbolçunu qətlə yetiriblər.
“Biz oyunçularımızdan biri Lyuk Flersin faciəli və vaxtsız ölümü ilə bağlı xəbərdən dərindən sarsılmışıq və kədərlənmişik. Bu son dərəcə çətin zamanda onun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk”, – “Kayzer Çifs”in rəsmi bəyanatında deyilir.
Qautenq şəhər polisinin sözçüsü polkovnik-leytenant Mavela Masondonun dediyinə görə, şübhəlilər Flersi avtomobilindən çıxarmazdan əvvəl ona odlu silah tuşlayıblar, sonra isə atəş açıblar. 24 yaşlı gənc yaxınlıqdakı xəstəxanaya aparılıb və orada öldüyü məlum olub.



