“Bayern”in və Almaniya yığmasının keçmiş yarımmüdafiəçisi, əfsanəvi Lotar Matteus “Bayern”in baş məşqçisi Tomas Tuxeli tənqid edib.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, Bundesliqanın 28-ci turunda “Haydenhaym”a 2:3 hesablı səfər məğlubiyyəti Lotar Matteusun səbr kasasını daşdırıb.
Xatırladaq ki, bu oyunda “Bayern” 2:0 hesablı üstünlüyünü əldən verərək, 2:3 hesabı ilə məğlub olub. Lotar Mattes “Bayern” rəhbərliyini komanda və alman mütəxəssis Tomas Tuxel haqda tədbir görməyə səsləyib:
“Keçən həftə Dortmund “Borussiya”sına qarşı zəif çıxış və bugünkü nəticə çox şey deyir. Tomas Tuxel artıq komandaya əl yetirə bilmir. Qəribə mətbuat konfransları keçirir, qəribə açıqlamalar verir. Təsəvvür edə bilərəm ki, “Bayern” buna yaxın 24-48 saat ərzində qarşılıq verəcək, çünki bu, daha belə davam edə bilməz. Komandaya yeni nəbz gərkdir və Tomas Tuxel daha onu verə bilməz”, deyə Matteus qətiyyətlə bildirib.
Tomas Tuxel “Bayern”i 2023-cü ilin martından çalışdırır. Alman mütəxəssisin Münhen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərə qüvvədə olsa da, Tuxel cari mövsümün bitməsi ilə “Bayern”in sükanı arxasından gedəcəyini açıqlayıb. Buna rəğmən, Tomas münhenliləri Çempionlar Liqasında qələbəyə daşımağa iddialıdır.
“Arsenal” və “Bayern” arasında Çempionlar Liqasının ilk 1/4 final oyunu aprelin 9-da Londonda baş tutacaq. Bu komandalar arasındakı cavab oyunu isə aprelin 17-də Münhendə keçiriləcək.
Cari mövsümə Almaniya Super Kubokunda final oyunu ilə açılış Tuxelin “Bayern”inin “Leypsiq”ə 0:3 hesabılı gözlənilməz məğlubiyyəti ilə nəticələnməşdi.
Almaniya Kubokunda isə “Bayern” 1/16 finalda “Saarbrükken”ə 1:2 hesabı ilə məğlub olaraq mübarizəsinə xitam verib.
Bundesliqaya gəlincə, Tuxel çempionluğu çox güman ki, Leverkuzen “Bayer”inə uduzub. 29-cu turda “əczaçılar”ın qalibiyyəti rəsmiləşdirmək imkanı var. 28 turdan sonra “Bayer” Bundesliqanın yarış cədvəlində 76 xalla vahid liderdir. “Əczaçılar” ən yaxın təqibçisi Almaniya nəhəngi “Bayern”i (60 xal) 16 xal qabaqlayırlar.
Göründüyü kimi, “Bayern” mövsümü qənimətsiz bitirmək təhlükəsi ilə üz-üzədir.


